Sadəcə ona görə ki, hamı eyni şeyi deyir.Çünki insanların çoxu kənarda qalmamaq üçün bəzən həqiqəti deyil, çoxluğun fikrini seçir.
Və bəlkə də həyatımızdakı bir çox yanlışın başlanğıcı məhz burada başlayır: Öz səsimizi itirdiyimiz anda.
Bir düşün...
Neçə dəfə sırf hamı belə düşündüyü üçün sən də susmusan?
Neçə dəfə daxilində fərqli hiss etsən də, ətrafındakı insanlara uyğunlaşmağa çalışmısan?
Neçə dəfə öz həqiqətini təxirə salmısan?
Bəzən insan yanlış insanları deyil, sadəcə çoxluğun təsirini izləyir.
Amma bu təsir yalnız böyüklükdə başlamır.
Uşaq olduğumuz vaxt müəllim bizə göstərib: "Bu qələmdir." "Bu dəftərdir."
Biz isə bunu sorğulamadan qəbul etmişik. Çünki öyrənməyin ilk mərhələsi etibar etməkdir.
Sonra böyüklərimiz müxtəlif şeylər deyiblər: "Ora getmə, orada cin var." "Gecə aya baxma, ağlını aparar." "Bunu etsən bədbəxt olarsan."
Biz bunların çoxunu araşdırmadan, sübut istəmədən qəbul etmişik. Çünki onları bizə güvəndiyimiz insanlar söyləyib.
Eyni vəziyyət dini inanclar, mədəniyyət, adət-ənənələr və dünyagörüşü üçün də keçərlidir. Məsələn, bir çox insan "Quran Allah tərəfindən göndərilib" inancını ailəsindən və yaşadığı mühitdən öyrənərək qəbul edir. Başqa cəmiyyətlərdə isə insanlar fərqli müqəddəs kitablara və inanclara eyni şəkildə bağlanırlar. İnsan əvvəlcə inanmağı öyrənir, sonradan isə bu inancları araşdırıb dərinləşdirə, dəyişdirə və ya olduğu kimi qəbul edə bilər.
Əlbəttə, hər qəbul edilən fikir yanlış deyil. Elm də, dil də, mədəniyyət də, din də böyük ölçüdə bizə əvvəlki nəsillərdən ötürülür. Məsələ kor-koranə qəbul etmək deyil, zaman-zaman öyrəndiklərimizi düşünmək, araşdırmaq və niyə inandığımızı özümüz üçün aydınlaşdırmaqdır.
Azad düşüncə hər deyilənə inanmaq da deyil, hər deyilənə kor-koranə etiraz etmək də deyil.
Əsl azad düşüncə sual vermək, dəlil axtarmaq, araşdırmaq və nəticədə öz qənaətinə gəlməkdir.
Bəlkə də insanın ən böyük azadlığı məhz budur: Başqalarının səsi ilə deyil, öz ağlı, vicdanı və araşdırması ilə qərar vermək.
