İngilis dilini sadəcə “listening” etməklə öyrənmək olurmu?


İllərdir bir fikir eşidirik:
“İngilis dilini qulaq asaraq öyrənmək lazımdır. Bax, balaca uşaq da oxumur, qrammatika bilmir, sadəcə eşidir və danışmağı öyrənir.”

Əvvəllər mən də bu fikirlə razı idim. Düşünürdüm ki, deməli, dili öyrənməyin ən təbii yolu sadəcə çox qulaq asmaqdır. Amma sonra bir az analitik düşündüm, müşahidə etdim və başa düşdüm ki, bu fikir tam doğru deyil. Hətta bu fikir çox insana illərlə vaxt itizdirən yanlış yanaşmadır.

Bəli, uşaq dili eşidərək öyrənir. Amma məsələ ondadır ki, uşaq təkcə eşitmir.

Uşağa “bura gəl” deyəndə o əvvəl bu səsin nə demək olduğunu bilmir. Onun üçün “bura gəl” sadəcə səslər toplusudur. Amma ana və ya ata həmin sözü deyə-deyə uşağın qolundan tutur, onu özünə tərəf gətirir. Uşaq həm səsi eşidir, həm hərəkəti görür, həm də hadisəni yaşayır. Bir neçə dəfə təkrar olunandan sonra uşaq anlayır ki, “bura gəl” səsi eşidiləndə səs gələn tərəfə getmək lazımdır.



Yəni uşaq sözü sadəcə qulaqla yox, mənası ilə birlikdə öyrənir.

Məsələn, ona “su” deyirlər. Amma sadəcə “su, su, su” deyib kənara çəkilmirlər. Ona su verirlər. Uşaq suyu görür, içir, dadır, ehtiyacını ödəyir və anlayır ki, bu mayenin adı “su”dur. “Alma” deyəndə də eyni proses baş verir. Uşaq almanı görür, əlinə alır, qoxulayır, dadır və həmin əşyanın “alma” adlandığını başa düşür.

Burada əsas məsələ eşitmək deyil. Əsas məsələ eşitdiyin sözlə onun mənası arasında əlaqə qurmaqdır.

İndi sual yaranır:
“Əgər uşaq gördüyü üçün dili öyrənirsə, bəs gözdən əlil insanlar danışmağı necə öyrənir?”

Çox gözəl sualdır. Gözdən əlil insanlar da dili öyrənirlər, amma yenə də sadəcə boş-boş qulaq asmaqla yox. Onlar görməsələr də, dünyanı başqa hisslərlə tanıyırlar: toxunmaqla, eşitməklə, qoxulamaqla, dadmaqla və izah vasitəsilə.

Məsələn, gözdən əlil uşağın yanında 3-5 yaşına qədər minlərlə söz danışılır. Amma o sözlərin hamısını avtomatik başa düşmür. Sadəcə bəzi təkrar səsləri ayırd edə bilər. Ancaq ona alma verəndə, əlində tutduranda, qoxulamağa və dadmağa imkan yaradanda, sonra da “bu almadır” deyiləndə uşaq anlayır ki, “alma” sözü həmin əşyaya aiddir.

Yəni gözdən əlil uşaq da sözü mənasız səs kimi yox, təcrübə ilə bağlı şəkildə öyrənir.

“Gəl bura” sözünü də ilk dəfə eşidəndə o bunun mənasını bilməyə bilər. Çünki qarşısındakı adamın əl işarəsi ilə onu çağırdığını görmür. Amma kimsə onun qolundan tutub səs gələn tərəfə aparanda, bu hərəkət bir neçə dəfə təkrar olunanda uşaq anlayır ki, “gəl bura” deyiləndə həmin tərəfə getmək lazımdır.

Deməli, görən uşaq da, gözdən əlil uşaq da dili eyni prinsip ilə öyrənir:
səs + məna + təcrübə + təkrar.

Problem ondadır ki, bizə xarici dil öyrədiləndə çox vaxt bu prinsip pozulur. Bizə deyirlər:
“Çox listening et, qulaq öyrəşəcək.”

Amma sən 10 il boyunca gündə 24 saat mənasını bilmədiyin ingilis sözlərinə qulaq assan, yenə də o dili danışa bilməyəcəksən. Çünki beyin bilmədiyi səsi sadəcə səs kimi qəbul edir. Onun arxasında məna yoxdursa, o səs dilə çevrilmir.

Məsələn, sənə tanımadığın bir dildə bir cümlə desələr və sən onun nə demək olduğunu bilməsən, həmin cümləni yüz dəfə də eşitsən, sadəcə əzbərləyə bilərsən. Amma onu işlədə bilməzsən. Çünki sən onun hansı vəziyyətdə, hansı mənada, hansı hisslə və hansı məqsədlə deyildiyini bilmirsən.

Dil öyrənmək təkcə qulaq işi deyil. Dil öyrənmək məna qurmaq işidir.

Ona görə də “uşaq sadəcə dinləyərək öyrənir” fikri çox yarımçıq fikirdir. Uşaq dinləyir, amma eyni zamanda görür, toxunur, yaşayır, reaksiya alır, səhv edir, düzəldilir, təkrar edir və mənanı real həyatın içində anlayır.

Bizdə dil tədrisinin ən böyük problemlərindən biri də budur. İllərlə söz əzbərlədik, qrammatika yazdıq, listening etdik, amma çoxumuz danışa bilmədik. Çünki dili həyatla bağlamadılar. Sözün mənasını sadəcə lüğətdə göstərdilər, amma onu situasiyada yaşatmadılar.

Ona görə də çox insan dili sinifdə yox, bazarda, səfərdə, işdə, real ünsiyyətdə öyrənir. Çünki orada söz artıq kitabdakı quru məlumat olmur. Sən sözü vəziyyətin içində görürsən. İnsan nəsə istəyir, sən anlamırsan, sonra əl hərəkəti edir, əşyanı göstərir, təkrar deyir və sən birdən başa düşürsən: “Hə, deməli bu söz bu mənanı verir.”

Bax, dil belə öyrənilir.

Mən demirəm ki, listening lazım deyil. Əksinə, listening çox vacibdir. Amma mənasız listening vaxt itkisidir. Əgər dinlədiyin sözün, cümlənin, ifadənin mənasını bilmirsənsə, beyin onu dil kimi yox, səs-küy kimi qəbul edir.

Düzgün yol budur:

Əvvəl sözün və ya cümlənin mənasını bilmək lazımdır.
Sonra onu real nümunədə görmək lazımdır.
Sonra həmin sözü və ya cümləni dəfələrlə eşitmək lazımdır.
Sonra özün işlətməlisən.
Səhv edəcəksən, düzəldəcəksən, yenə işlədəcəksən.
Bax onda dil formalaşır.

Bir sözün mənasını bilmədən onu min dəfə eşitmək insanı danışdırmaz. Amma bir sözü mənası ilə, şəkli ilə, hərəkəti ilə, hissi ilə, real vəziyyəti ilə öyrənsən, o söz yaddaşda qalır.

Çünki dil sadəcə səs deyil. Dil beyində yaranan mənadır.

Ona görə mənim fikrimcə, xarici dil öyrənmək istəyən adam sadəcə qulaq asmaqla kifayətlənməməlidir. Dinlədiyi materialı başa düşməlidir. Sözlərin mənasını öyrənməlidir. Şəkillərlə, nümunələrlə, real situasiyalarla, təkrarlarla işləməlidir. Ən əsası isə o dili istifadə etməlidir.

Yoxsa 10 il qulaq asarsan, qulaq öyrəşər, amma dil açılmaz.

Çünki danışmaq üçün təkcə səs eşitmək yox, mənanı dərk etmək lazımdır.

Post a Comment

Previous Post Next Post

Contact Form