Qısa bir hekayə yazmağa cəhd etdim.
Bir ata övladı üçün min nəfərə yalvarıb pul tapır. Gecə-gündüz qapı döyür, baş əyir, qürurunu ayaqlar altına atır. Övladı ən yaxşı həkimlərin əlində min bir əziyyətlə, aylarla çəkən müalicədən sonra sağalır. Ata hər gün xəstəxana dəhlizlərində dua ilə ümid arasında qocalır.
İş bitəndən, uşaq ayağa qalxandan sonra kənardan baxan, bu prosesdə nə maddi, nə mənəvi köməyi olmayanlar ataya deyirlər: “Allah dualarımızı eşitdi, ona görə sağaldı. Allah bizim səsimizi eşitdi.”
Ata bir an susur. Gözləri uzağa dikilir, sanki keçirdiyi bütün gecələr gözünün qabağından keçir. Sonra sakit, amma ağır bir səslə deyir: “Bəs sizin yaxınlarınız cavan yaşda öldülər. Ondan da artıq dua etmişdiniz. Gecələr ağlamışdınız, yalvarmışdınız. Niyə o dualar eşidilmədi?”
Adam bir anlıq tutulur, cavab tapmayanda isə öyrəşilmiş sözü deyir: “Allahın qismətidir…”
Ata acı-acı gülümsəyir: “Qismət deyəndə rahat olur, elə deyilmi? Qismət deyəndə nə həkimin zəhməti qalır, nə gecə-gündüz işləyib pul tapanın əziyyəti, nə də atasının saçına düşən ağlar. Hamısını bir sözün altına yığıb məsuliyyətdən qaçmaq asan olur.”
Ətrafdakılar susur. Çünki həqiqət ağırdır. Ata isə sözünü tamamlayır: “Dua sadəcə ümiddir, amma əməl olmayanda tək qalır. Mən övladım üçün, mübarizə də apardım. Əgər bu gün yaşayırsa, yalnız insan əziyyəti ilə yaşayır.”
O gündən sonra ata bir şeyi yaxşı bilir:
Dua göylərə qalxır, amma insan ayaqda durmasa, yer üzündə heç nə dəyişmir.
Övladı ölsə idi də, ata yenə də eyni fikirdə qalaraq, Allahın qismətidir deyib qalmayacaqdır.
Səfa Məcidov