Bəzən qəlbi çirkin insanlar səni səhv başa düşür. Əslində isə problem başa düşmək istəməmələridir. Çünki başa düşmək məsuliyyət tələb edir, rahat inanmaq isə yox.
Mənim Allah anlayışım dinlərin təqdim etdiyi Allah obrazı ilə üst-üstə düşmür. Mənim Allahım dünyanı və ilk canlıları yaradıb, sistemi qurub və mexanizmi işə salıb. Bundan sonrakı proses avtomatikdir: çoxalma, inkişaf, tənəzzül — hamısı səbəb–nəticə zənciri ilə işləyir. Bu sistemdə nəzarət insanın öz əlindədir. Ağlı, biliyi və təşkilatlanması qədər.
Mənim Allahım kasıbların, çarəsizlərin “son ümid” kimi sığındığı Allah deyil. Çünki ümid adı altında təqdim edilən şey əksər hallarda sadəcə təslimçilikdir.
Dövlət xəstəxanasında bir xəstə ölür, amma eyni xəstə özəl xəstəxanada yaşaya bilərdi. Burada fərqi yaradan “qismət” deyil — resursdur: avadanlıq, həkim sayı, bilik, pul. Amma insanlar rahat yol seçir: “Allahın yazdığı budur” deyib məsuliyyəti üzərlərindən atırlar. Halbuki bu, taleyə hörmət yox, insan ağlına hörmətsizlikdir.
“İnşallah yaxşı olar”, “Allah yol açar” kimi cümlələrin real dünyada ölçülə bilən heç bir təsir gücü yoxdur. Xəstə sağalanda deyirlər: Allah sağaltdı. Xəstə öləndə isə deyirlər: Allahın məsləhəti belə imiş. Hər iki halda insan faktoru — həkimin biliyi, səhvin olub-olmaması, sistemin yetərli olub-olmaması — kənara atılır. Bu artıq iman yox, etik pozuntudur.
Əgər bir insanın əli kəsilibsə və sən həkimlərin müdaxiləsinə icazə vermirsənsə, “Allah Allah” deyə-deyə o əlin bərpa olunacağını düşünmək sadəlövhlük deyil, təhlükəlidir. Çünki o insanın canı dua ilə yox, elm və insan əli ilə xilas olunur. Amma bunu qəbul etmək istəmirlər. Çünki qəbul etsələr, məsuliyyət yaranacaq.
Digər tərəfdən, mən çarəsiz insanların ümidlərinə də açıq hücum etmirəm. Çünki onların Allah ümidi əllərindən alınsa, boşluq yaranacaq. O boşluq isə suallar doğuracaq, sonra üsyan, sonra haqq tələb etmək. Sistemlər də məhz bunu istəmir. Ona görə də real olmayan Allah ümidi, real ədalətsizliyin üzərinə örtük kimi sərilir. İnsan heç olmasa bununla təsəlli tapır.
Amma sual qalır:
Əgər bir xəstənin sağalması üçün 100.000 pul lazımdırsa və o pul tapılanda sağ qalırsa, tapılmayanda ölürsə — bu necə Allahın qisməti ola bilər? Bu artıq qismət yox, iqtisadi reallıqdır. Allah adına bunu yazmaq isə iftiradır.
Həqiqəti anlamaq üçün güclü olmalısan. Ağıllı olmalısan. Düşünməyi bacarmalısan. Yalanla yaşamaq üçün isə nə pul lazımdır, nə savad, nə də zəhmət. Sadəcə inan və sual vermə — sistem bunu sevir.
“İnşallah yaxşı olar”, “Allah yol açar” kimi cümlələr kasıbların və çarəsizlərin son psixoloji dayaq nöqtəsidir. Bu ümid real iş görmür. Bunun maksimum təsiri “evrenə mesaj göndərmək” kimi mistik bir illuziyadır. Amma illuziya insanı xilas etmir.
Güclü insanlar biliyə və pula inanırlar. Çünki real dünyada nəticə yaradan yalnız bu ikisidir. Bilik olmadan, pul olmadan edilən duaların faydalı iş əmsalı sıfıra bərabərdir.
Bu, Allahsızlıq deyil. Bu, ağlın məsuliyyətini qəbul etməkdir.
Səfa Məcidov