Mikroelektronika nədir?

 Mikroelektronika bərk cisim fizikasının, texnologiyanın, mikrosxem texnikasının və sistemotexnikanın nailiyyətlərinə əsaslanan, sürətlə inkişaf edən elm və texnika sahəsidir.

Müasir hesablama texnikasının, robot texnikasının, idarəetmə və informatika sistemlərinin element bazasını məhz mikroelektronika təşkil edir. Mikroelektronika fiziki, kimyəvi, texnoloji, sxemotexniki və kibernetik tədqiqatlarla yanaşı, yüksək etibarlılığa, kiçik qabaritlərə və yüksək səmərəliliyə malik qurğuların konstruksiyasının işlənməsini və istehsalını özündə cəm edir.

Mikroelektronikanın inkişafında əldə edilən ən böyük nailiyyətlər inteqral mikrosxemlərin işlənib hazırlanması və sənaye miqyasında istehsal edilməsidir, inteqral mikrosxem- lər konstruktiv cəhətdən vahid bir qovşaq və blok şəklində işlənmiş funksional (müəyyən bir funksiyanı yerinə yetirən) qurğulardır, inteqral mikrosxemlər mikroelektronikanın əsas məmulatları kimi müxtəlif elektron aparatlarının qurulmasında geniş istifadə edilir və getdikcə diskret cihazlarda (tranzistorlarda, diodlarda və s.) yığılmış blok və qovşaqları istifadədən sıxışdırıb çıxarır.

Son illər mikroelektronikada böyük və ifrat böyük inteqral mikrosxemlər əsasında qurulmuş mikroprosessorlu sistemlər və mikro EHM-lər də geniş tətbiq edilir.

Məhz bu baxımdan bu və ya digər həcmdə elektronikanın əsaslarını öyrənənlər üçün mikroelektronikanın əsas nailiyyətləri haqqında biliklərin əldə edilməsi vacibdir.

Bu bölmədə çox yığcam bir şəkildə mikroelektronika- nın əsas inkişaf istiqaməti—inteqral mikrosxemlərin işlənib hazırlanması haqqında məlumat verilir. Mikroelektronikanın əsasları haqqında biliklərin əldə olunması elektron aparatların yaradılması zamanı element bazasının seçilib istifadə edilməsinə kömək göstərə bilər.


Ramiz Hümbətov, Elektronika

Previous Post Next Post

Contact Form