Dini mətnlərdəki möcüzələri tək bir dinin çərçivəsində deyil, səmavi ənənənin bütöv zəncirində nəzərdən keçirəndə mənzərə tamamilə dəyişir. Məsələn, Musanın əsasının ilana çevrilməsi Tövratda necə keçirsə, Quranda da eyni hekayət təkrarlanır (əl-Qəsəs, 31; Taha, 19–21). Bu paralellər göstərir ki, tənqidi düşüncəni sadəcə bir inanca yönəltmək problemin kökünü görməməkdir. Əsl müzakirə hekayələrin doğruluğu deyil, mənbəyin təbiətidir: Yaradan anlayışı ilə institusional din eyni anlayışdırmı?
Tanrını qəbul etmək, avtomatik olaraq formalaşmış dini doqmaları qəbul etmək anlamına gəlmir. Bir çox insan üçün bu fərq itir: "Allah buyurdu" deyilən yerdə, əslində tarixi və fəlsəfi baxımdan bir insanın — Məhəmmədin, İsanın və ya Musanın baxış bucağı dayanır. Onları Platon, Aristotel və ya Sokrat kimi böyük mütəfəkkirlərlə eyni cərgəyə qoymaq inkarçılıq deyil, tarixi reallığı anlamaq cəhdidir. Məhəmməd peyğəmbərin yaratdığı təşkilatlanma, parçalanmış qəbilələri vahid nizam altında birləşdirməsi və ortaya qoyduğu sosial təklif şübhəsiz ki, bəşər tarixinin ən güclü fəlsəfi və ictimai layihələrindən biridir. Lakin bunu Yaradanın birbaşa dili kimi mütləqləşdirmək, inancı riyaziyyat kimi qələmə verməyə çalışmaqdır.
İnanc 2*2 = 4 deyil. Dəqiq riyazi həqiqətlər heç vaxt fanatik qışqırıqlarla, aqressiv müdafiələrlə sübuta yetirilməyə ehtiyac duymur; çünki isbat göz qabağındadır. İnanc isə təbiəti etibarilə subyektivdir — 2* 2-nin 5 ola biləcəyinə duyulan daxili güvəndir. Bu inanc insanın özünə, mənəvi rahatlığına, sükunətinə xidmət edə bilər, amma onu mütləq obyektiv fakt kimi başqasına sırımağa çalışdıqda mənasını itirir.
Dinin gətirdiyi əxlaq, yaxşılıq və nizam kiməsə doğru yolu göstərirsə, bu dəyərlidir. Problem o zaman başlayır ki, insanlar subyektiv daxili hisslərini "Allah belə buyurub" deyərək aqressiya vasitəsinə çevirirlər. Sakit, düşünülmüş bir dialoq qurmaq əvəzinə qarşı tərəfi hədəf seçmək əslində inancın özünü zəiflədir. Həqiqi yetkinlik hər kəsin fərqli dərk etmə haqqını tanımaqdan və Yaradanla din arasındakı o incə sərhədi anlamaqdan keçir.