Gəmilərdə elektrik intiqallarının idarə olunması və mühafizəsi üçün idarəetmə və mühafizə aparatları, o cümlədən kontaktorlar, kontrollerlər, komandokontrollerlər, müxtəlif elektromaqnit, istilik və mexaniki relelər geniş tətbiq olunurlar. Gəmilərdə elektrik aparatlarının istismar olunma şəraiti quruda, stasionar vəziyyətdə elektrik aparatlarının istismar olunma şəraitindən fərqlənir. Gəmilərdə titrəyişlərin, yüksək nəmliyin, şaquli vəziyyətdən meyl etmələrin olması, gəminin göyərtəsindəki aparatların vaxtaşırı su ilə islanması gəmidə tətbiq olunan elektrik aparatlarına xüsusi tələblər qoyur.
Elektromexaniki elektrik aparatı əsasən üç hissədən təşkil olunur:
1) elektromaqnit elementi;
2) kontakt elementi;
3) qövssöndürən sistem.
Elektromaqnit elementi aparatın hərəkət edə bilən hissəsinin yerdəyişməsi üçün tələb olunan qüvvəni yaradır.
Kontakt elementi elektrik dövrələrinin açılması və bağlanması əməliyyatlarını yerinə yetirir, cərəyanı kommutə edir.
Qövssöndürən sistem dövrənin açılması və bağlanması zamanı kontaktlar aralığında yaranan elektrik qövsünü söndürmək üçündür.