Eleqaz (SF6 – altıflorlu kükürd) yüksək qövssöndürücü xüsusiyyətlərə malikdir. Havaya nisbətən onun sıxlığı 5 dəfə, elektriki möhkəmliyi isə 2-3 dəfə çoxdur. 0,2 MPa təzyiqdə eleqazın elektriki möhkəmliyi transformator yağının elektriki möhkəmliyi ilə müqayisə edilə bilən qiymətə çatır. Eleqaz açarlarının ehtiyat eleqazla doldurulması zamanı açarın gərginlikdən çıxarılmasına ehtiyac yoxdur.
Eleqaz açarları müxtəlif formalarda və konstruktiv özəllikləri ilə istehsal edilir.
110 kV və daha yüksək gərginliklərdə istehsal edilən eleqaz açarları (şəkil 3.8).
Şəkil 3.8. 110 kV və daha yüksək gərginlikli eleqaz açarları
Eleqaz yanmır, rəngsizdir, iysiz və tamamilə zəhərsizdir. Kimyəvi cəhətdən eleqaz digər maddələrə nisbətən azot kimi qeyri – aktivdir. Onun azsaylı çatışmazlıqlarından biri, onunla təmas zamanı tərkibində rütubət olan sintetik izolyasiya materiallarını parçalamaq qabiliyyətinə malik olmasıdır. Ona görə də eleqazlı konstruksiyalarda davamlı izolyasiya materiallarının tətbiq olunması məsləhət görülür (məsələn, teflon). Aşağıdakı şəkildə orta gərginlikdə istehsal edilən eleqaz açarları göstərilmişdir (şəkil 3.9).
Bu açarların üstün cəhətlərinə yüksək cəld işləmə qabiliyyəti, yanğın və partlayış təhlükəsizliyi, yüksək qiymətli cərəyanları qırma qabiliyyəti, qövssöndürücü kameranın uzunömürlü olması, həm daxili, həm də xarici quruluşlarda istifadə oluna bilməsi və s. kimi parametrləri qeyd etmək olar. 110 kV-da geniş yayılmış eleqaz açarının konstruktiv görünüşü və intiqal sistemi şəkil 3.10-da göstərilmişdir.
Şəkil 3.10. 110 kV-luq eleqaz açarı və intiqal sistemi
Eleqaz açarlarının istehsalında qövsün söndürülməsində əsasən iki prinsipdən istifadə olunur: üfürmə və avtoüfürmə üsulu.
Üfürmə üsulunda açarın açılması və qövsün tam sönməsi prosesinin necə baş verməsi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 3.11) .
Açılma prosesində hərəkətli kontaktlar aşağıya doğru hərəkət etdikdə tərpənməz qövs kontaktı (2) ilə hərəkətli qövs kontaktı (3) arasında elektrik qövsü yaranır və üfürücü kameranın həcmi kiçilir. Həcm kiçildikcə üfürücü kamera (4)-dakı eleqazın təzyiqi artır. Bu zaman eleqazın yenidən doldurulması üçün qapaq (ventil) (10) –ın qalxmaması üçün kənar mexaniki təsirlərlə qapağı saxlamaq lazım gəlir. Təzyiqi artmış eleqaz qövsün üzərinə üfürülür və hərəkətli əsas kontaktın uc hissəsi (6)-dən əsas korpusun həcminə doğru hərəkət etməyə çalışır. Müəyyən bir müddət yaranan qövs eleqazın üfürücü kamera (4)-dan çıxmasının qarşısını alır və qövsün enerjisi hesabına kamerada eleqazın təzyiqi daha da artır. Cərəyanın sıfıra yaxınlaşması (sinusoidanın sıfıra doğru hərəkəti) zamanı qövsün enerjisi azalır və təzyiqi artmış eleqaz qövsü söndürərək üfürücü kamera (4)-dan əsas korpusun həcminə doğru hərəkət edir.
M.Ə.Beydullayev. Paylayıcı şəbəkələrin elektrik qurğuları və onların istismarı.