Eynşteyn və Mileva

Eynşteyn və Mileva



Mart ayının 14-ü dünyada iki adla qeyd olunur. Birincisi, bu tarix rəqəmsal yazılışda 03/14 kimi göründüyünə görə Pi günü adlandırılır. Ölkəmizdə çox tanınmasa da qərb universitet və məktəblərində, eləcə də aparıcı təhsil müəssisələrində elm festivalı günü olaraq qeyd edilir. Günün sonunda Pi tortu yemək isə adət halını alıb. Mən isə bu yazını öz Pi stəkanımda çay içərək yazıram.

Dünya və elm tarixinin gəlmiş-keçmiş ən dahi adamlarından hesab olunan, öz təxəyyül gücü və nəzəri fizikaya gətirdiyi yeniliklərlə fərqlənən Albert Eynşteyn də bugündə anadan olub. Bəlkə də, küçədə yoldan keçən birisindən soruşsanız ən azı məşhur E = mc2 bildiyini deyəcək (loru dildə enerji və kütlə eynidir). Heç şübhəsiz siz də bu alimin həyatından xəbərdarsınız. Ona görə də, bu dəfə biz alimin özü və elmi yaradıcılığından deyil, onun unudulmuş həyat yoldaşından söz açacıq.

Mileva Maric Eynşteyn 19 Dekabr 1875-ci ildə indiki Serbiyada anadan olub. Valideynləri: Mariya Ruzic və Milos Maric (ata) cəmiyyəyin varlı və hörmət edilən ailəsi idi. Bu ailənin 3 övladı olub: Mileva, Zorka və Milos Maric (oğul) . Evin böyük qızı Mileva, Serbiyada qızların məktəbə götürüldüyü son ildə məktəbə daxil olur. 1892-ci ildə, atası nüfüzu hesabına təhsil nazirliyindən icazə alaraq, onu oğlanlara ayrılmış fizika mühazirələrində iştirak etməyə başlayır. 1894-cü ildə orta məktəbi bitirir və ailəsi ilə birlikdə Novi Sada köçür. Sinif yoldaşları onu çox istedadlı lakin az danışan biri kimi xatırlayır. O, hər şeyin dərinliyinə enir, əzimli və öz hədəflərinə çatmaq üçün çalışan biri idi.

1896-cı ildə Zürix Politexnik İnstitutunun fizika-riyaziyyat bölməsinə beş tələbə - dörd oğlan və bir qız qəbul olur. Bunlar, Marsel Qrossman, Luis Kollros, Cakob Ehrat, Albert Eynşteyn və Mileva Maric idi. Albert və Mileva bir yerdə saatlarla çalışan ayrılmaz cütlüyə çevrilirlər. Albert, adətən mühazirələrə qatılmır və evdə hazırlaşırdı. Mileva isə sistemli və mütəşəkkil idi. O, gənc Albertə dərs və tapşırıqlarda geri qalmamaq üçün kömək edirdi. 1899-1903-cü illərdə tətil günlərində Eynşteynin Milevaya göndərdiyi tapılan 43 məktubdan 10-u günümüzə gəlib çatıb. Bu məktublarda onların bir-biri ilə necə əlaqədə olduğu aşkar hiss olunur:

Albert 1899-cu ildə Milevaya yazır:
 Helmholtzu ilk dəfə oxuyanda sənin yanımda olmamağın qəribə gəldi və bugün, hələ də yaxşılaşmayıb. Birlikdə gördüyümüz işlər mənə daha yaxşı, sağlam və asan gəlir. 
Sonra, 2 Oktyabr Milandan yazır:
 ... burdakı şərait mənə heç uyğun deyil və işləmək üçün darıxıram, özümü qaranlıq fikirlərlə dolu hiss edirəm - başqa sözlə, yanımda olub mənə xoş nəzarət etməyindən və əyri-üyrülükdən qorumağından ötrü darıxıram

Dərslərinin sonuna kimi hər ikisinin qiyməti oxşar olub (Mileva 4.7 və Albert 4.6). Tətbiqi fizika dərsində isə Mileva maksimum qiyməti (5) alarkən Eynşteyn 1 alır. Həmçinin, Mileva təcrübə dərsində də müvəffəq olur (12 üzərindən 11), Eynşteyn isə yox. Lakin, Professor Minkovskinin şifahi imtahanında 4 oğlan 12 üzərindən 11 alır, amma Milevaya 5 yazılır. Yalnız, Eynşteyn diplom ala bilir.

Bu cütlüyün evlənməsinə hər iki ailə qarşı çıxır. Eynşteynin anası, "30 yaşına çatana kimi o qoca qarıya dönəcək" deyərək sərt reaksiya verir. Lakin, sonda atası Eynşteynə bir müddət işlədikdən sonra evlənməsinə icazə verəcəyini bildirir.

1900-cu ildə məktubların birində Albert yazır: "tezliklə yeni ortaq işimizə davam etməyi səbirsizliklə gözləyirəm. İndi sən öz araşdırmana davam etməlisən - özüm adi bir insan olarkən arvadımın doktor olması məni qürurlandırar". Onlar, 1900-cu ilin Oktyabrında araşdırma etməyə Zürixə qayıdırlar. Digər üç tələbə institutda iş tapsa da, Eynşteyni qəbul etmirlər. O zənn edirdi ki, professor Veber qəsdən edir. Belə olan halda, Eynşteyn evlənməkdən imtina edir. Sonda, onlar əvvəl olduğu kimi birgə araşdırma etməyə və yaşamağa başlayırlar.

13 Dekabr 1900-cü ildə, onların kapilyarlar mövzusunda ilk məqalələrini hazır olur. Lakin, bu məqalə yalnız Albertin adı altında gedir. Buna baxmayaraq, hər iki tərəf bu məqaləni özlərinin ortaq işi kimi qələmə verir. Mileva rəfiqəsinə yazdığı məktubda belə deyir: "Biz bunun bir özəl nüsxəsini nə Bolsmana göndərcik, görək nə fikirləşir və ümid edirəm, o bizə cavab yazacaq." Bunun kimi, Albert 1901-ci ilin Aprelin 4-ü Milevaya dostu Mişele Bessonun "əmisini mənə görə ziyarət edib. Prof. Jung İtaliyada ən nüfuzlu fiziklərinfən biridir və ona bizim məqalənin nüsxəsini verəcək".

Belə görünür ki, məqalənin yalnız Albertin imzası altında olması cütlüyün ortaq qərarı idi. Niyə? Radmila Milentiyeviç, vaxtilə Nyu Yorkda City Collegedə tarix professoru, 2015-ci ildə Milevaya aid ətraflı bioqrafiya dərc etdirib. Onun fikrincə, Mileva qəsdən Albertin adı altında məqalələrin dərc olunmasını istəyib ki, ona iş tapılsın və tezliklə evlənsinlər. 50 il Milevanın həyatını araşdırmış fizika professoru Dord Krsticə görə isə Mileva bilirdi ki, cəmiyyətdə həmin tarixdəki qadınlara qarşı qeyri-obyektiv mühit məqalənin dəyərini aşağı sala bilərdi.

Albert özü bəyan edib ki, xüsusi nisbilik üzərində bir işləyiblər. 27 Mart 1901 məktubunda yazılır:
 İkimiz birgə nisbi hərəkət üzərində gördüyümüz işi zəfərlə sona çatdıranda mən necə də xoşbəxt və məğrur olacağam.
Və birdən Milevanın taleyi dəyişdi. Mileva hamilə qalır. Albert işsizdir və hələ də evlənmirlər. İnamsız gələcəklə Mileva ikinci və sonuncu dəfə 1901-ci ildə şifahi imtahana girir. Albertin yolunu kəsən Prof. Veber onu da imtahanda kəsir. Təhsilini dayandırmağa məcbur qalan Mileva Serbiyaya qayıdır. Albeti evlənməyə yola gətirmək üçün tezliklə Zürixə qayıdır. 1902-ci ildə Liserl adlı qız dünyaya gəlir. Heç bir doğum və ölüm şəhadətnaməsi olmayan bu uşağın axirəti hələ də naməlumdur. Çox güman, hansısa ailəyə övladlıq verilib.

1901-ci ilin Dekabrın əvvəllərində Eynşteyn dostu Marcel Qrossmanın atasının Berndəki patent ofisində işə düzəlir. 1902-ci ildə atası ölmədən əvvəl Eynşteynin evlənməyinə icazə verir. Albert və Mileva 1903-cü il 6 Yanvar evlənirlər. Mileva ev işləri görərkən, Albert həftədə 6 gün, gündə 8 saat patent ofisində işləyir. Axşamlar isə, bəzən gecəyə kimi birgə işləyirlər.14 May 1904-cü ildə oğulları Hans-Albert anadan olur.



Mileva və Albert toy şəkli, 1903-cü il.
Buna baxmayaraq, 1905-ci ildə Albert "möcüzə ili"-də 5 ardıcıl məqalə paylaşır: biri fotoelektrik effekti (buna görə 1921-ci ildə Nobel alır), ikisi Braun hərəkəti üzərində, biri xüsusi nisbilikdə və digəri məşhur E = mc2. Eyni zamanda pul qarşılığında 21 elmi məqaləyə şərh yazıb və molekulların ölçüsü mövzusunda tezisini tamamlayır. Daha sonralar, Albertin R.S. Şanklanda bildirdiyinə görə nisbilik onun həyatında 7 il, fotoelektrik effekt isə 5 il mövcud olub. Onun bioqraflarından biri, Pitr Mişelmore yazır ki, xüsusi nisbiliyin əsasını təşkil edən məqaləni 5 həftəyə tamamladıqdan sonra Albert "iki həftə dincəldi, Mileva isə təkrar təkrar yoxladı və sonda poçt ilə göndərdi." Yorğun cütün Serbiyaya ilk üç səfəri zamanı tanışdıqları qohumlar və dostlar onların necə ortaq çalışdığı haqqında zəngin məlumatlar veriblər.

Heysiyyətinə görə tanınan, Milevanın qardaşı Milos (oğul) Parisdə tibb oxuyarkən bir neçə dəfə Eynşteynin ailəsi ilə birgə qalır. Kristic yazır: " (Milos) axşamlar və gecələr, şəhərə səssizlik çökəndə, yeni evli cütlüyün masada əyləşib, kerosin fənər altında necə fizika məsələləri işlədiklərini təsvir edirdi. Milos onların necə hesabladığı, yazması, oxuması və debat etmələrindən danışıb".

Mileva, Hans və Albert, 1905-ci il

1908-ci ildə, Konrad Habikt ilə birgə cütlük ultra-həssas voltmetr düzəldirlər. Trbuhovic-Qcuric  bu təcrübəni Mileva və Konradın adına yazır: "Onlar işdən razı qalanda Albertə patent eksperti olduğu üçün aparatın nə iş gördüyünü izah etməyi tapşırdılar". Aparat Eynşteyn-Habikt patenti altında qeydiyyatdan keçirilir. Habiktin niyə Milevanın adını daxil etmədiyini soruşanda o Alman dilində belə cavab verir: "Warum? Wir beide sind nur ein Stein." (Niyə? Biz ikimiz eyni bir daşıq (yəni bir şəxs) )

Artıq 1908-ci ildə Albert tanınmağa başlandı. Berndə ödənişsiz mühazirələr verdikdən sonra 1909-cu ildə Zürixdə ilk akademik vəzifəyə təyin edildi. Mileva yenə ona kömək edirdi. Eynşteynin 8 səhifəlik mühazirə qeydləri onun əl yazısı ilə yazılmışdı. Həmçinin, Maks Planka 1909-cu ildə yazılmış məktub da. Bütün sənədlər Yerusəlimdə Albert Eynşteyn Arxivində (AEA) saxlanılır. 3 Sentybar 1909, Mileva rəfiqəsi Helene Savicə yazır: "O, indi alman dilli ən yaxşı fizik kimi tanınır, və onu çox şərəfləndirirlər. Onun uğuruna çox sevinirəm, çünki o, buna layiqdir; təkcə ümid və arzu edirəm ki, bu şöhrət onun xasiyyətinə pis təsir eləməsin." Əlavə edir: "Bütün bu şöhərtlə, o arvadına az vaxt ayırır. ... . Burda deyiblər, bədnamlıqla birinə mirvari, o birinə qabıq düşür."



Onların ikinci oğlu, Edvard, 28 İyul 1910-cu ildə doğulur. 1911-ci ilə kimi, Albert hələ də həyat yoldaşına nəvazişli məktublar yazıb yollayır. Lakin, 1912-ci ildə, Berlinə köçən ailəsini ziyarət edəndə xalası qızı Elza ilə aşnabazlığa başlayır. İki ilə yaxın gizli aparırlar. Elsa, Eynşteynin 21 məktubunu saxlayır. İndi onlar Collected Papers of Albert Einstein arxivində saxlanılır. Elzaya yaxın olmaq üçün, Albert öncə Praqada, sonra Zürixdə, və sonda Berlində fərqli elmi vəzifələrə gəlir.

Bu evliliyin sonu idi. 29 İyul 1914-də Mileva iki oğlu ilə Zürixə qayıdır. 1919-da isə boşanmağa razı olur, yalnız bir şərtlə. Əgər, Albert nə vaxtsa Nobel alsa mükafatı ona bağışlamalı idi. Mükafatı alan Mileva, iki balaca bina evi alaraq övladları ilə kasıb yaşamağa davam edir. Oğlu, Edvard tez-tez sanatoriyalarda olurdu. Sonralar şizofreniya çıxaran uşağın tibbi xərcləri artdığından hər iki evi itirir. Albertin davamlı göndərmədiyi aliment və verdiyi şəxsi dərslərlə maddi vəziyyətini normallaşdırır.

1925-ci ildə Albert Nobel mükafatının oğullarının mirası olduğunu yazır. Mileva isə birgə gördüyü işlərə görə Nobelin ona düşdüyünü bildirir. Albert cavab məktubunda yazır:

 Xatirələrinlə məni qorxudarkən məni güldürdün. Bir saniyə belə olsun heç fikirləşmisən ki, əgər danışdığın adamın ciddi nəaliyyətləri olmayıbsa heç kəs sən deyənə diqqət yetirməz. Kimsə tamamilə əhəmiyyətsizdirsə, ona sakit və həyalı qalmaqdan başqa deyiləcək söz yoxdur. Elə sənə də bunu tövsiyə edirəm.

Mileva sakit qaldı. Lakin, onun rəfiqəsi Milana Bota Serbiya qəzetinə bildirdi ki, onlar Milevadan xüsusi nisbiliyin yaranışı haqqında müsahibə almalıdırlar.  Mileva Helene Savicə yazır: "Qəzetlərdə belə yazılar mənim təbiətimə xas deyil, inanıram ki, bütün bunlar Milananın istəyidir, və elə zənn edib ki, mənim də könlümcədir, təkcə onu deyə deyə bilərəm ki, yəqin o, Eynşteynə görə mənim ictimailəşməyimə kömək etmək istəyib. O, gərək bu məqsədlə mənə yazsın, və mən bu yolla qəbul edərəm, yoxsa başqa cür mənasızdır."

Mileva (bilinməyən tarix)
Krstic bildirir ki, Mileva öz köməyindən anası və bacısına bəhs edib. O, həm də xaç valideynlərinə Eynşteynə necə dəyərli kömək etdiyini, amma əvəzində onun həyatını necə alt-üzt etdiyini yazıb və sonralar məktubu yox etmələrini xahiş edib. Oğlu, Hans-Albert Krsticə valideynlərinin "elmi həmkarlığın necə evliliyə keçməsindən, və onların axşamlar bir masa arxasında oturub işləməsinə şahid olmasından" danışıb. Hans-Albertin ilk arvadı, Frieda, Milevanın ilk üç məktubunu dərc etdirməyə çalışıb, lakin Eynşteynin vəkilləri tərəfindən "Eynşteyn Mif"-ini qorumaq üçün əngəlləyiblər. Onlar Krsticin bir işi olmaqla digər məqalələri də əngəlləyiblər. 1947-ci ildə Eynşteyn yazır: "Nə vaxt ki bilsəm Mileva orda deyil, onda rahat ölə bilərəm."

Onların məktubları və bir çox dəlillər Mileva Maric və Albert Eynşteynin məktəb illlərindən etibarən 1914-cü ilə kimi necə sıx elmi əməkdaşlıq etdiklərini göstərir. Albert dəfələrlə öz məktublarında "nisbi hərəkət üzrə bizim işimiz" ifadəsini işlədib. Onların birgəliyi sevgi və qarşılıqlı dəyərlər üzərində qurulmuşdu və buna görə də qeyri-adi işlər görə biliblər. Albertin istedadını ilk o kəşf edib. Onsuz, Albert heç vaxt müvəffəq ola bilməzdi. O, birgə işləməyi sevərək, ona işlərində kömək edərək, və daim ikisinin bir varlıq kimi hiss edərək öz arzularını tərk etdi. Hər şey Albertin öz adına dərc etdiyi məqalə ilə başladı və bunun geri qayıdışı olmadı. O buna razı idi, çünki, Albertin uğuru onun sevinci idi. Bəs niyə Mileva səssiz qaldı?  Layiq olmasına baxmayaraq, ictimai tanınmaqdan üz döndərdi. Bütün əməkdaşlıqlarda olduğu kimi, bütün tərəflərin töfhələrini saymamaq mümkün deyil.

Müəllif-Sadiq Şamilov
Mənbə-https://kvantdunya.blogspot.com
Original məqalə: "The forgotten life of Einstein’s wifePaulin Qaqnon
Previous Post Next Post

Contact Form